
Şəkidə Kəlağayı Gününə həsr olunmuş möhtəşəm tədbir keçirilib
Serdar Şengül Bakü
Kəlağayı Günü münasibətilə Şəkidə milli irsin təbliğinə yönəlmiş genişmiqyaslı tədbir təşkil olunub. Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən “İpək tellərdə milli kimlik” adlı tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdən öncə Şəki Azəripək müəssisəsi və “Süsən” Kəlağayı Evinin ustalarının iştirakı ilə kəlağayıya naxış vurulması prosesi canlı olaraq nümayiş etdirilib. Peşəkar sənətkarlar ənənəvi üsullarla ipəyə naxışın salınma mərhələlərini əyani şəkildə təqdim edib, bu qədim sənətin sirləri haqqında məlumat veriblər. Paralel olaraq “Kəlağayının sehri” adlı sərgi ziyarətçilərə açıq olub.
Sərgidə kəlağayı nümunələri, kəlağayıdan hazırlanmış milli geyimlər, həmçinin bu sənətin tarixi-mədəni köklərini əks etdirən nəşrlər sərgilənib. Ziyarətçilər ipəyin əldə olunma prosesi, boyanması, naxışlanması, xüsusi texniki üsulları və kəlağayıçılığın digər incəlikləri ilə yaxından tanış olublar.
Tədbirdə vurğulanıb ki, kəlağayı Azərbaycanın milli mədəniyyət xəzinəsinin ən zərif və dəyərli nümunələrindən biridir. Bu baş örtüyü təkcə qadın zərifliyinin rəmzi deyil, həm də xalqın estetik zövqünün, mənəvi yaddaşının və çoxəsrlik ipəkçilik ənənələrinin canlı şahididir. Azərbaycanın müxtəlif bölgələrində kəlağayıların naxış və texniki xüsusiyyətləri fərqlənsə də, onun əsas mahiyyəti – qadının ismətini, saflığını və incəliyini təcəssüm etdirməsi – dəyişməz olaraq qalır.
Kəlağayı tarixən sülhün və əmin-amanlığın simvolu kimi qəbul olunub, toy və nişan mərasimlərində, həmçinin gündəlik həyatda geniş istifadə edilib. Bu ənənə bu gün də yaşadılır və yeni nəsillərə ötürülür.
Tədbirin ən maraqlı hissələrindən biri Güləndam Alxasovanın kəlağayıdan hazırlanmış libaslarının nümayişi olub. Dizaynerin kolleksiyası kəlağayının müasir moda ilə harmoniyasını, ipəyin parlaqlığını və milli naxışların bədii dərinliyini xüsusi şəkildə önə çıxarıb. Hər bir model rəng uyğunluğu, zərif xəttləri və milli ornamentlərin simvolik mənası ilə seçilib.
Sonda tədbirin ölkənin milli-mədəni irsinin qorunması, kəlağayı sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib. Bu kimi təşəbbüslərin Azərbaycan mədəniyyətinin zənginliyinin dünyaya tanıdılması istiqamətində mühüm rol oynadığı vurğulanıb.




